İlham Zəkiyev: “Ad günü keçirmək istəmirəm, çünki...” - MÜSAHİBƏ

MÜSAHİBƏ 16:42 / 03.03.2021 Baxış sayı: 16622

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin Oxu.Az saytına müsahibəsi:

- Bu gün sizin 41 yaşınız olur. Ad gününüzü qeyd edirsiniz?

- Xeyr. Mən ad günümü qeyd etmirəm.

- Səbəb nədir?

- İslam dinində belə bir şey yoxdur. Həzrəti Məhəmmədin (s.ə.s.) nəvələrinə ad günü keçirib, tort yediyini eşitmisiniz? Düzdür, hər adam bunu başa düşmür...

- Amma dostlarınız zorla sizə ad günü keçirmək istəyəndə nə edirsiniz?

- Çalışıram ki, həmin gün yox, başqa gündə vaxtımı onlarla bir keçirim. Həmin gün onlarla birgə oluramsa, məqsəd ad günümü qeyd etmək deyil.

- Hazırda nə işlə məşğul olursunuz?

- Sumqayıt Paralimpiya İdman Kompleksində 24-25 mayda Bakıda keçiriləcək Qran Pri yarışına hazırlaşıram. Bundan sonra Paralimpiya Oyunları öncəsi iyunda İngiltərədəki yarışda iştirak edəcəyəm.

- Hazırda demək olar ki, reytinqlə Paralimpiya Oyunlarında iştirakınız rəsmiləşib. Ola bilər ki, zədədən qorunmaq üçün İngiltərədəki yarışa getməyəsiniz?

- Mən hazırda öz çəki dərəcəmdə reytinqdə üçüncü yerdəyəm. Bu iki yarışda iştirak etməsəm belə, ilk “10-luq”da yer alacağam. Ancaq Paralimpiya Oyunları zamanı püşkatmada ilk görüşlərdə münasib rəqiblərlə düşməyim üçün həmin yarışlarda yaxşı nəticə göstərib, reytinqdəki yerimi ya möhkəmləndirməli və ya yaxşılaşdırmalıyam.