Millət Vəkili: Azərbaycan-Belarus əlaqələri yüksək inkişaf mərhələsindədir

SİYASƏT 12:00 / 16.04.2021 Baxış sayı: 8658

“Azərbaycanın müəyyənləşdirdiyi xarici siyasət bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulub. Respublikamız bütün dövlətlərlə, o cümlədən MDB ölkələri ilə artıq formalaşmış tərəfdaşlıq münasibətlərini məhz bu prinsiplər əsasında həyata keçirir. Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən ölkəmizin MDB çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Bu baxımdan, Azərbaycanın Belarus ilə əməkdaşlığı neçə illərdir ki, yüksələn xətt üzrə inkişaf edir.”
Bu fikirləri Utro.az-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.  
A.Məmmədov qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, münasibətlərin yeni inkişaf mərhələsinə 2006-cı ildən başlanılıb: “Hər iki dövlət ən çətin məqamlarda və gərgin anlarda bir-birinə dəstək olub. Azərbaycanla Belarus arasında bütün dövrlərdə formalaşmış əlverişli əməkdaşlıq mühiti son illərdə dinamizm və inteqrasiya baxımından geniş xarakter almışdır. İki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin bütün sahələrində öz əksini tapmışdır. Belarus və Azərbaycan rəsmiləri tərəfindən siyasət, iqtisadiyyat, vətəndaşların hüquqlarının və maraqlarının qorunması, səhiyyə, hüquq-mühafizə, humanitar və elmi-texniki əməkdaşlıq sahələrində 100-dən çox beynəlxalq müqavilə imzalanmışdır.”

Deputat vurğulayıb ki, bu baxımdan Aleksandr Lukaşenkonun aprelin 13-14-də ölkəmizə işgüzar səfəri də mövcud münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir: “Bir daha təsdiq olundu ki, Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Səfər çərçivəsində liderlərin təkbətək görüşündə, mətbuata birgə bəyanatlarında bir daha iki ölkə arasında mövcud münasibətlər, iqtisadi-ticari əlaqələr müzakirə olunaraq bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulandı. Liderlərin budəfəki təkbətək görüşü zamanı İlham Əliyev bu məsələyə toxunaraq dedi ki, hər iki ölkə iştirak etdiyi beynəlxalq strukturlarda bundan sonra da bir-birini dəstəkləməkdə davam edəcək. Yəni, bu münasibətlər hər hansı problemlərdən tamamilə uzaqdır: “Bizim müntəzəm əlaqələrimiz, sadəcə, görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir.” Cənab İlham Əliyev həmçinin qarşılıqlı səfərlərin müntəzəm xarakter daşıdığını da vurğulayaraq bunu ölkələrimiz arasında sıx siyasi əlaqənin, yüksək səviyyədə etimadın göstəricisi adlandırdı. Bunun nəticəsidir ki, iqtisadi əməkdaşlığın göstəriciləri yüksəlir. Hətta keçən il pandemiyaya baxmayaraq, əmtəə dövriyyəsinin artması bunu təsdiqləyən reallıqdır.”

A.Məmmədov bildirib ki, A.Lukaşenko isə öz növbəsində bir daha Azərbaycanın şanlı Qələbəsini qiymətləndirərək özünün və xalqının mövqeyini bəyan etdi: “Belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq.” Sonda baytarlıq, turizm və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair anlaşma memorandumlarınən imzalanması iki ölkə arasında münasibətləri daha da şaxələndirəcək. Ümumiyyətlə, Belarus Prezidentinin Azərbaycana səfəri olduqca məhsuldar və səmərəli keçdi. Prezidentlərin təkbətək görüşündə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından, strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan-Belarus əlaqələrinin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik vurğulandı, eləcə də, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.”

Milli Məclisin deputatı onu da qeyd edib ki, bu görüş iki ölkə arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsinə, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda yeni sənaye müəssisələrinin qurulması prosesinə öz müsbət təsirini göstərəcək.