Anar Məmmədov: Azad edilmiş ərazilərdə yaşayış məhəllələrinin salınması dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir

QARABAĞ 20:28 / 10.10.2022 Baxış sayı: 14500

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın cari ilin oktyabr ayının 4-də Ağdam rayonuna səfəri bir çox cəhətdən əlamətdar oldu. Dövlət başçısı və xanımının Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmaları və digər təməlqoyma mərasimlərində iştirak etmələri istər Ağdamda, istərsə də işğaldan azad edilmiş digər torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi. 30 ilə yaxın işğal dövründə erməni vandallığına məruz qalan bu ərazilər bərpa olunur, yenidən qurulur. Azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri, yeni yaşayış məhəllələrinin salınması həm də dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Ermənilərin dağıtdığı tarixi və mədəni abidələrin bərpası da diqqət mərkəzindədir və indiyədək bu istiqamətdə çoxsaylı layihələrin icrasına başlanılıb. Bu, işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətin davam etdiyini göstərən tarixi hadisədir.”

Bu fikirləri UTRO.AZ-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. 

A.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına, elan etmədən başladığı ədalətsiz müharibəyə beynəlxalq təşkilatların münasibətlərinə də bir daha aydınlıq gətirdi: “Azərbaycan hər zaman sülhün tərəfdarı olub, məsələnin dinc yolla və ədalətli şəkildə həll edilməsinə çalışıb. Lakin ötən dövr ərzində Ermənistan həmişə olduğu kimi, yenə də müxtəlif bəhanələr və şərtlər, təxribatlar törətməklə prosesə mane olub. Təəssüf ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu da bu məsələnin həllində qətiyyət nümayiş etdirmirdi, əksinə, qarşı tərəfin beynəlxalq hüququn bütün norma və prinsiplərini ciddi şəkildə pozmasına, tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsinə, toponimlərin dəyişdirilməsinə, qanunsuz məskunlaşmaya göz yumurdu. Reallıq isə ondan ibarətdir ki, BMT təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin 30 ilə həll edə bilmədiyi və yaxud  həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu 44 gün ərzində həll etdi.”

Deputat vurğulayıb ki, mühüm məqamlardan biri odur ki, bir neçə gün öncə Azərbaycan ilk beynəlxalq şəhərsalma tədbirinə Ağdamda ev sahibliyi etmişdir: “2022-ci il 5 oktyabr tarixində BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Forum   44 ölkədən 130-dan çox nümayəndəni, ümumilikdə isə 400 nəfərdən çox iştirakçını işğaldan azad edilmiş Ağdam şəhərində bir araya gətirdi. Forumda çıxış edən cənab Prezident qeyd etdi ki, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub. Bunun nəticəsidir ki, Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfi xarakter daşımır. Lakin biz indi Böyük Qayıdış dövrünü yaşayırıq. Böyük Qayıdış proqramı da başlayıb. Zəngilanda artıq 30 il öncə didərgin salınmış insanlar yenidən məskunlaşıblar. Təxminən iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində də bir neçə min insan yaşayacaq. Heç şübhəsiz ki, işğaldan azad olunmuş bütün yerlərə insanlarımız qayıdacaq, yenidən məskən salacaqlar. Hazırda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İşğaldan azad edilmiş ərazilər indi bütün gücü ilə Böyük Qayıdış üçün hazırlanır.  Vətən müharibəsində möhtəşəm Qələbəmizdən  sonra ölkəmiz üçün yeni dövr başlayıb. Prezidentin də dəfələrlə vurğuladığı kimi, indi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir.”