Deputat: Cəbrayıl rayonunun azad edilməsi ordumuzun Zəfər yürüşündə atdığı ilk addım oldu

QARABAĞ 14:14 / 04.10.2022 Baxış sayı: 5202

“Oktyabrın 4-ü Cəbrayıl rayonunun Ermənistan işğalından azad edilməsinin ikinci ildönümüdür. Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi hadisə idi. Çünki Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaranmışdı. Bununla da Cəbrayıl rayonunun azad edilməsi Ordumuzun Zəfər yürüşündə atdığı ilk addım oldu. 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışında da Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də qazanılmış qələbənin, Cəbrayılın işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Artıq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri işğalçılardan azad edilmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi, oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Beləliklə Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi.”

Bu fikirləri “Utro.az”a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. 

A.Məmmədov qeyd edib ki, Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi: “Belə ki, həmin gün Cəbrayılda "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.  Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyası, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi.  Bununla yanaşı rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyanın inşasını planlaşdırır.” 

Milli Məclisin deputatı bildirib ki, müharibədən ötən iki il ərzində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir: “Vaxtilə ermənilərin təxribatçı məqsədlər üçün yol çəkdiyi Cəbrayılda bu torpaqların öz sahibləri yol çəkir, yeni və müasir infrastruktur qurur. Ölkə başçısının rəhbərliyi və şəxsi nəzarəti altında Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Əminliklə demək olar ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sürətli bərpa və quruculuq işləri nəticəsində, qısa zamanda Cəbrayıl rayonu dünyanın ən dilbər guşələrinin birinə çevriləcək.”